AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI


Azərbaycan Respublikası Satınalmalar üzrə
Dövlət Agentliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev


Bakı şəhəri, " 20 " fevral 2003-cü il ¹ 855

Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2003-cü il tarixli, 855 ¹-li Fərmanı ilə təsdiq edilmişdir.





AZƏRBAYCAN RESPUBLİKASI SATINALMALAR ÜZRƏ DÖVLƏT AGENTLİYİ HAQQINDA
ƏSASNAMƏ


Azərbaycan Respublikası Satınalmalar üzrə
Dövlət Agentliyi haqqında Əsasnamənin
təsdiq edilməsi barədə

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyi (bundan sonra Agentlik) Azərbaycan Respublikası prezidentinin 1997-ci il 16 may tarixli 583 nömrəli fərmanı ilə yaradılmışdır.

2. Agentlik Azərbaycan Respublikasında dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

4. Agentlik müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Dövlət Agentliyinin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

II. Agentliyin vəzifələri

7. Agentliyin əsas vəzifələri aşağıdakılardır:

7.1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək;

7.2. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

7.3. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət etmək, mübahisələri məsələləri araşdırmaq, qanunvericiliyin pozulması halları aşkar etdikdə, satınalma prosedurlarını qanunla müəyyənləşdirilmiş müddətə dayandırmaq və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;

7.4. satınalan təşkilat mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrini artırmaq məqsədilə qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər həyata keçirmək;

7.5. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirmək, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin etmək;

7.6. dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;

7.7. dövlət satınalmaları sahəsində məlumat bazasını yaratmaq;

7.8. dövlət satınalmaları sahəsində xarici ölkələrin müvafiq təşkilatları ilə qanunvericilikdə müəyyən edilmiş şəkildə əməkdaşlıq etmək;

7.9. dövlət satına lma prosesində prosedurlarında mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin tələbləri pozulduğu hallarda «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun tədbirlər görmək;

7.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

III. Agentliyin funksiyaları

8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

8.1. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir;

8.2. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati köməklik göstərir, məsləhətlər verir, satınalan təşkilatların mütəxəssislərinin ixtisas səviyyələrinin artırılmaq məqsədi ilə kurslar təşkil edir, seminarlar, treyninqlər və konfranslar keçirir, bu məqsədlə öz səlahiyyətləri çərçivəsində digər tədbirləri keçirir;

8.3. dövlət satınalmaları sahəsində Azərbaycan Respublikasının xarici dövlətlərlə əməkdaşlığı çərçivəsində qanunvericiliklə müəyyən edilmiş qaydada danışıqlar aparır və beynəlxalq sazişlərin imzalanmasında iştirak edir;

8.4. dövlət satınalmalarında qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının dövlət maraqlarının və mənafeyinin qorunmasını təmin edir və bu məqsədlə lazımi tədbirlər görür;

8.5. güzəştli düzəlişlərin həcmi və tətbiqi qaydasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

8.6. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;

8.7. dövlət satınalmaları üzrə illik hesabatlar hazırlayır, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

8.8. baxılan şikayətlər üzrə qanunvericilikdə müəyyən olunmuş müddətdə yazılı qərar çıxarır, həmin qərarda onun səbəblərini əsaslandırır və təqdim edilmiş hüquqi müqavilə vasitələrini, əgər belə müdafiə vasitələri təqdim edilirsə, göstərir;

8.9. Azərbaycan Respublikası qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir;

IV. Agentliyin hüquqları

9. Agentliyin öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

9.1. öz səlahiyyətləri çərçivəsində dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, hazırlamaq və təsdiq etmək;

9.2. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satınalınmasının qanuniliyinə, müqavilələrin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq və qanunvericiliyinin pozulması halların qarşısını almaq məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tədbirlər görmək;

9.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada satınalma metodlarının tətbiqinə və satınalan təşkilatların tender prosedurlarının keçirilməsi və satınalma müqavilələrinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq qərarlarını təsdiq etmək;

9.4. dövlət satınalmaları sahəsində institusional bazanın yaradılmasında kömək göstərmək məqsədi ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən Agentliyə ayrılan qrantlardan və kreditlərdən istifadə etmək;

9.5. tender komissiyalarının işində qanun pozuntuları müəyyən olunduğu hallarda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək;

9.6. qanunvericilikdə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq etmək;

9.7. qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz vəzifələrinin yerinə yetirilməsi, o cümlədən normativ hüquqi aktların işlənib hazırlanması, ekspertizadan keçirilməsi və məsləhətləşmələrin aparılması üçün dövlət orqanlarından mütəxəssislər dəvət etmək və ya müstəqil ekspertləri müqavilə əsasında işə cəlb etmək;

9.8. dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək, dövlət satınalmaları sahəsində əldə olunmuş təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə müvafiq tədbirlər keçirmək, məlumatlar vermək və bülletenlər dərc etmək;

9.9. öz səlahiyyətləri daxilində və qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, dövlət satınalmaları ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edilməsinə, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair müəyyən edilmiş qaydada müvafiq təkliflər və məlumatlar təqdim etmək;

9.10. satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədilə, qanunla müəyyən edilmiş bütün tender təkliflərini, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qəbul edilmiş qərarı təsdiq etmək;

9.11. satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda tədbirlər görmək;

9.12. malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilən minimum məbləğdən yuxarı olduqda, onların digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsini təsdiq etmək;

9.13. qanunvericilikdə müəyyən edilmiş qaydada və hallarda satınalan təşkilatın bir mənbədən satınalma üsulundan istifadə edilməsi qərarını təsdiq etmək;

9.14. hər hansı tender təklifinin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, həmin təklifin rədd edilməsi barədə satınalan təşkilat tərəfindən qəbul edilmiş qərarı təsdiq etmək;

9.15. satınalan təşkilatın qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirilməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyən olunmuş hallarda verilmiş şikayətlərinə baxmaq və şikayət alındıqdan sonra dərhal bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana) bildiriş göndərmək;

9.16. qanunverircilikdə nəzərdə tutulmuş qaydada və hallarda şikayət verildikdən sonra satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyatı olan bütün malgöndərənlərə (podratçılara) şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərəmək;

9.17. şikayət vermiş malgöndərənə (podratçıya), satınalan təşkilata və şikayətin baxılmasında iştirak etmiş hər hansı digər malgöndərənə (podratçıya) və ya dövlət orqanına çəxarılmış qərarın bir nüsxəsini qanunvericiliklə müəyyən olunmuş müddətə göndərmək;

9.18. alınmış şikayət rədd edilmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə etmək;

9.19. tenderin yekun protokolunun surətini və satınalmalar barədə hesabat almaq;

9.20. satınalma müqaviləsi imzalanarkən satınalan təşkilat malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərti ilə malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb-azaldılmasına razılıq vermək;

9.21. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Agentliyin fəaliyyətinin təşkili

10. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan direktor rəkbərlik edir.

11. Agentliyin direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.

12. Agentliyin direktoru aşağıdakı səlahiyyətlərə malikdir:

12.1. agentliyin işini təşkil etmək və ona rəhbərlik etmək;

12.2. qüvvədə olan qanunvericiliyə uyğun olaraq Agentliyin əmlakına və vəsaitinə dair qanunvericilikdə müəyyən edilmiş qaydada sərəncam vermək;

12.3. agentlikdə karğüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

12.4. agentlikdə mühasibat uçotu və hesabat işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmasını təşkil və ona nəzarət etmək;

12.5. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və Agentliyin tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və əsasnamələrini müəyyən edilmiş qaydada təsdiq etmək;

12.6. Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların işçilərini işə qəbul etmək və işdən azad etmək, onların barəsində qanunvericilikdə müəyyən edilmiş qəydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;

12.7. səlahiyyətləri çərçivəsində Agentliyin aparatının və onun tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar vermək, müvafiq təlimatları və digər normativ hüquqi aktları imzalamaq (təsdiq etmək), onların icrasını təşkil etmək və yoxlamaq;

12.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqları həyata keçirmək;

13. Agentlikdə direktordan (kollegiya sədri) vəzifəsinə görə kollegiyanın tərkibinə daxil olan direktor müavinindən, struktur bölmələrinin rəhbərlərindən ibarət kollegiya yaradılır.

14. Agentliyin kollegiya üzvlərinin sayı və şəxsi heyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

15. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.

Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

Kollegiyanın qərarları protokolla rəsmiləşdirilir və bir qayda olaraq direktorun əmri ilə həyata keçirilir.

16. Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda, kollegiyanın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

17. Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət satınalma strukturu Agentliyin ümumi strukturuna daxildir.